“Qarabağ”ın gücünü hamı bilir" - MÜSAHİBƏ

“Qarabağ”ın gücünü hamı bilir" - MÜSAHİBƏ

"Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev Premyer Liqanın 2-ci turunun "Qarabağ"la səfər oyunundan (1:0) sonra "Mediasport"a müsahibə verib.


Oyunla bağlı nə deyə bilərsiniz?

- “Qarabağ”ın gücünü hamı bilir. Çox ağır oyun oldu. Yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Şükür Allaha ki, alındı. “Qarabağ”a da Çempionlar Liqasında uğurlar arzu edirik. İnşallah, bizi Liqa mərhələsində təmsil edəcəklər.

Yəqin ki, bundan yaxşı start arzulaya bilməzdiniz.

- Əlbəttə, ilk 2 oyuna 6 xal yaxşı nəticədir. Amma, sadəcə, 2 tur keçib. İstəmirik nəsə deyək. Çalışacağıq bu tempi qoruyaq. Qarşıda “Şamaxı” ilə çətin oyun var. Həmin matçdan da yaxşı nəticə ilə ayrılıb milli komandaların oyunlarına görə çempionatda yaranacaq fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik.

Kənardan da belə görünür ki, yeni transferləriniz əvvəlki illərlə müqayisədə sanki yerində gətirilmiş futbolçulardır. Demək olar ki, onlar özlərini doğruldur?

- 2 oyuna 6 xal yaxşı nəticədir. Lakin hansısa başqa məsələlərdən danışmaq tezdir. İnşallah, yeni transferlərimiz bu tempi qarşıdakı matçlarda da nümayiş etdirərlər. Sizin də dediyiniz kimi, inanırıq ki, mövsümün sonuna kimi inamlı təsir bağışlayacaqlar.

“Kəpəz”lə ev oyununda stadionda azarkeş sayı elə də çox deyildi. Necə düşünürsünüz, “Qarabağ” üzərində qələbə növbəti turda “Şamaxı” ilə matçda azarkeş sayına təsir edəcək?

- Biz də buna ümid edirik. İnanırıq ki, “Şamaxı” ilə oyunda azarkeşlərin sayı daha çox olacaq. Onlar çətin qarşılaşmada komandanı tək qoymayacaqlar. “Qarabağ”la səfər matçında bizə dəstək olan fanatlarımıza təşəkkür edirəm. Növbəti oyunda da onları yanımızda görmək istərdik.

Geridə qalan müddətdə baş məşqçi Saşa İliçin işini necə qiymətləndirirsiniz?  

- İliçin həm işindən, həm də insani keyfiyyətlərindən razıyıq. Nəticələri də müsbətdir.

“Sumqayıt” üçün transfer məsələləri bitib, yoxsa hələ bu istiqamətdə iş gedir?

- Daha bir transfer gözlənilir.

Mətbuat konfransında Saşa İliç bildirdi ki, daha 3 futbolçunun heyətə cəlb olunmasını istəyər...

- Əlbəttə, biz də bu barədə düşünürük. Lakin hazırda ümumi danışığımıza əsasən bir oyunçuya təcili ehtiyacımız var. Həmin futbolçu ilə müqavilə imzalayandan sonra digər transferlər üçün də hərəkətə keçə bilərik.