"Bizim üçün yaradılan şəraitin qarşılığını verdiyimiz üçün şadıq"
"Hamımız çox gözəl hisslər yaşayırıq. Tovuz camaatı, tovuzlu azarkeşlər 32 ildən sonra avrokuboklara çıxmağın sevincini qeyd edirlər".
Bunu "Mediasport"a açıqlamasında "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.
Qərb təmsilçisinin avrokuboklara vəsiqəsini erkən rəsmiləşdirməsində həlledici rol oynayan vinger təəssüratlarını bölüşüb:
"Qol epizodunda bir az qarışıq vəziyyət yaranmışdı. Epizod 50/50-yə görünürdü. Çox şükür ki, topu qapıdan keçirdim. Ancaq vacib olan komandamızın qələbə qazanması idi.
Artıq bir qədər rahat nəfəs ala bilərik. "Turan Tovuz"da oynadığıma görə özümü xoşbəxt hesab edirəm. Bizim üçün yaradılan şəraitin qarşılığını verdiyimiz üçün şadıq".
Xatırladaq ki, "Turan Tovuz" Premyer Liqanın 31-ci turunun "Karvan-Yevlax"la matçında Ayxan Hüseynovun yeganə qolu ilə avrokuboklara vəsiqənin taleyini sona iki oyun qalmış həll edib.
