Qurban Qurbanov Adıgözəlovun səviyyəsinə düşəcək adam deyil!

Qurban Qurbanov Adıgözəlovun səviyyəsinə düşəcək adam deyil!

"Sabah"ın prezidenti Maqsud Adıgözəlovun bir neçə gün əvvəl "Azerisport"a verdiyi açıqlama gündəm oldu.

Əslində, Azərbaycan futbolunda heç bir ciddi uğuru, mövqeyi olmayan klub rəhbəri Azərbaycanın bir nömrəli, hörmətli, nüfuzlu futbol adamının ünvanına söz atmaqla özünün nə qədər cılız düşüncəli olduğunu isbat etmişdi.

Bunun da üstünə Qurban Qurbanovun mövzudan susaraq keçməsini gəlsək, faktiki durum Adıgözəlova vurula biləcək ən böyük tərs sillə sayılmalıdır.

Qurbanov tək cümlə ilə keçmişin keçmişdə qaldığına işarə vurdu, vəssalam.

Qurban Qurbanov dünyada tanınan, hörmətə sahib və kifayət qədər ciddi, Azərbaycan üçün əlçatmaz uğurlar qazanmış bir mütəxəssis, şəxsiyyətdir. Azərbaycanda indiyədək heç kimin edə bilməyəcəyini və illərlə kiminsə təkrarlaya bilməyəcəyi nailiyyətləri qazanmış adam, məşqçidir.

Bəs Maqsud Adıgözəlov kimdir? O, məgər Qurbanovun futbolda yüksəldiyi səviyyəyə çatıb ki, klub prezidenti etikasına uyğun olmayaraq, başqa bir komandanın baş məşqçisinə söz atır?

Qurban Qurbanovun belə adamlara cavab verməməsi, əslində, sualların cavabını ortaya qoymuş olur.

Qurbanov hətta dünya futbolunu tarixində iz buraxmış Joze Mourinyo kimi adamın "Qarabağ" haqqında atmacalarına cavab verməyəcək qədər təvazökardır.

Azərbaycanın "Şöhrət" ordenli mütəxəssisinin yanaşması bizə çoxdan aydındır: Sözlə yox, nəticələrlə danışmaq!

Susmaq bəzən ən güclü cavabdır və Qurbanovun mövqeyi bunu təsdiqləyir.

Adıgözəlov isə illərdir rəhbərlik etdiyi "Sabah"da milyonlarla büdcə qarşılığında heç bir nəticə verə bilmir.

Komandası 25 milyon manatlıq büdcəyə qədər yüksələndən sonra cüzi uğur qazanıb. Maraqlıdır, "Sabah" bir qədər yüksək nailiyyət qazansa, Maqsud Adıgözəlov özünü nə-kim hesab edər?

İstənilən halda futbol ictimaiyyəti yaxşı başa düşür ki, hörmət və nüfuz sözlə, boş danışıq, atmacalarla yox, iş və nəticələrlə müəyyənləşdirilir, ölçülür.

Belə adamlarla polemikaya girmək, sadəcə, vaxt itkisidir. Qurban Qurbanov da məhz bunu - ən doğrusunu edir.

Maqsud Adıgözəlov Azərbaycanın futbol sferasında 3-5 adamın tanıdığı sıradan şəxslərdən biridir, söz atdığı, dolayısı ilə ittiham elədiyi şəxs isə nəinki Azərbaycanda, bütövlükdə dünyada tanınan, hörmət edilən Qurban Qurbanovdur. Adıgözəlova verilən, veriləcək, verilməli natural cavab da elə budur.

AYXAN