“Şahdağ” Turizm Mərkəzində beynəlxalq turnir start götürdü
Yanvarın 8-də “Şahdağ” Turizm Mərkəzində “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.
"Mediasport" xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb.
Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.
Turnirin ilk günündə idmançılar dağ xizəyinin slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparırlar.
Yanvarın 10-a qədər davam edəcək yarışın növbəti günlərində idmançılar slalom və qiqant slalom növlərində mübarizə aparacaqlar.
