Şahdağda Avropa çempionatı və Dünya Kubokuna yekun vuruldu
"Şahdağ" Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub.
"Mediasport" xəbər verir ki, 3 gün davam edən yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.
Qızlar arasında U-18 kateqoriyası üzrə 1-ci yerə Anastasiya Pşeniçnaya (Rusiya), 2-ci yerə Nataliya Babrovska (Polşa), 3-cü yerə Rabia Bulut (Türkiyə) layiq görülüb.
Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumınya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakia) və Alex Kulanqa (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblər.
U-20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda tutublar. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib olub. Marek Foltyen (Çex Respublikası) gümüş, Malte Lessinq (İsveçrə) isə bürünc medal qazanıblar.
U-23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərar tutub. İrina Umnitsina (Fərdi Neytral İdmançı) və Darya Zinçenko (Fərdi Neytral İdmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Julian Tritşer (Avstriya) 1-ci, Silvano Volf (Avstriya) 2-ci, Loik Dubois (İsveçrə) isə 3-cü yerin sahibi olub.
Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl, Culia Murada (İtaliya) gümüş, Karaline Ulrix (İsveçrə) bürünc medala layiq görülüblər. Kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci, Qey Orelien (İsveçrə) 2-ci, Kristof Hoçenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıb.
Milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib çıxıb.
Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan Avropa çempionatı və Dünya Kubokunda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı mübarizə aparıb.
