Azərbaycan yığma komandası Astanada hazırlıq keçəcək

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcək.
"Mediasport" xəbər verir ki, hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər üçü 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.
Milli iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.
Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçular isə Qazaxıstanda keçiriləcək Dünya Kubokuna qatılacaq. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya kubokunda, həmçinin qadın boksçularımızdan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaq.
Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçular iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.