"Turan Tovuz" ev oyunlarını yenə "Azersun Arena"da keçirəcək

"Turan Tovuz" ev oyunlarını yenə "Azersun Arena"da keçirəcək

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü hazır vəziyyətə gətirmək mümkün olmayıb.

"Mediasport" xəbər verir ki, klubun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq qərarlar qəbul edilib.

“Turan Tovuz” klubunun müraciəti və “Qarabağ” klubunun razılığı nəzərə alınaraq, “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi qərara alınıb.

Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Misli Premyer Liqasının 17-ci turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” - “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunması qərara alınıb.

Qeyd olunur ki, həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.

Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır.

Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun təşkil olunacaq.

Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar müəyyənləşdiriləcək.

Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.