Ərdoğan mərc qalmaqalı haqda: "Ədaləti təmin edə bilməsək..."

Ərdoğan mərc qalmaqalı haqda: "Ədaləti təmin edə bilməsək..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə vaxtdır ölkə gündəmini zəbt etmiş futbolda mərc qalmaqalından danışıb.

"Mediasport" xəbər verir ki, aparılan istintaqla bağlı fikirlərini bölüşən dövlət başçısı istintaq prosesinin heç bir klub fərqi qoyulmadan, sonadək və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Prezident baş verənlərin onu ciddi məyus etdiyini bildirib:

“İdarəçisindən tutmuş futbolçusuna qədər bir çox şəxsin bu prosesdə yer alması, adlarının bu cür qalmaqallarla hallanması, ölkəmizdə belə hadisələrin yaşanması bizi həqiqətən sarsıdıb. Bu, insanı heyrətə gətirən bir mənzərədir. Futbolun ruhu ədalətdir. Əgər biz bu ədaləti təmin edə bilməsək, meydanlarda əldə olunan heç bir nəticə bizi qane etməz”.

R.T.Ərdoğan məhkəmə orqanları tərəfindən ədalətli qərarların çıxarılacağına şübhə etmədiyini vurğulayıb:

“A və B klubu, fərq etməz. Bizim üçün əsas olan ədalətdir. Hazırda məhkəmənin bu vəzifəni ən ideal şəkildə yerinə yetirdiyini düşünürəm”.

Qeyd edək ki, mərc oyunları ilə bağlı saxlanılanlar arasında “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş, futbol hakimi Zorbay Küçük, “Adana Dəmirspor” klubunun keçmiş prezidenti Murat Sancak və digər şəxslər var.