"Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam - Bunu çox istəyirəm"

"Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam - Bunu çox istəyirəm"

"Mediasport" qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının gənc üzvü, yeniyetmələr arasında dünya və Avropa çempionu Ruzanna Məmmədovanın (62 kq) federasiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir.


Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa nə qədər hazır hiss edirsən?

– Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək.

Son vaxtlar zədələr sənə yarışlarda mane olur. Bu dəfə belə problem yoxdur ki?

– Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm.

Üç il əvvəl U-17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U-20-də təkrarlaya bilərsən. Səncə, alınacaq? Bunun üçün nə lazımdır?

– İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm.

Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Bilirsiz ki, dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik.

Əsas rəqib saydığın güləşçilərin görüşlərini izləyib zəif-güclü tərəflərini təhlil edirsən?

– Əlbəttə, baxıram. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram.

Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var, yoxsa 62 kq-da davam etmək istəyirsən?

– Çəki baxımdan konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır.

Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram.