Üçqat Avropa çempionu: "Təbii ki, bu uğurla kifayətlənməyəcəyəm"

"Şükürlər olsun, ölkəmə medalla qayıtdım. Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir.".
"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov deyib.
Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında 67 kq çəki dərəcəsində qızıl medal qazanan pəhləvanımız karyerasında üçüncü dəfə qitənin ən güclü olması ilə bağlı təəssüratlarını paylaşıb:
"Avropa çempionatında yenidən çempion olduğum, medalla qayıtdığım üçün çox sevinirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyəm. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin turnirdə də uğurlu olmaq istəyirəm".
Qeyd edək ki, millimiz AÇ-də 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 1-ci yeri tutub.