Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün turnir keçirildi

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün turnir keçirildi

Azərbaycan Cüdo Federasiyası (ACF) ilk dəfə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə adaptiv turnir təşkil edib.

"Mediasport" xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən yarış “Adaptiv cüdo” layihəsi çərçivəsində baş tutub.

21 Mart - Beynəlxalq Daun Sindromu Gününə həsr olunmuş turnirin açılışında çıxış edən ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, federasiyanın əsas prioritetlərindən biri cüdonu hər kəs üçün əlçatan etmək və sağlam, inklüziv mühiti təşviq etməkdir.

Yarışın yekununda qaliblər medal və diplomlarla təltif olunublar.

İştirakçılara hədiyyələr, adaptiv cüdo məşqçilərinə təşəkkür plaketləri təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünəinamını artırmaqdır.

Layihə cüdonun əsas dəyərlərini aşılamaqla yanaşı, uşaqların fiziki aktivliyini və əqli sağlamlığını inkişaf etdirməyi də hədəfləyir.