Yürgen Klopp: “Qarabağ”ı yaxından izləyirəm, yaxşı komandanız var”

"Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Almaniyaya səfər edib.
"Mediasport" xəbər verir ki, Avropa Klublar Birliyinin (ECA) panel tədbirində iştirak məqsədilə sözügedən ölkəyə yollanan funksioner burada "Liverpul"un sabiq baş məşqçisi Yürgen Kloppla görüşüb.
Hacıyev "Sportinfo.az"a açıqlamasında məşhur almaniyalı mütəxəssislə görüşündə "Qarabağ"la bağlı söhbət etdiyini bildirib:
"Məndən hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan gəldiyimi, "Qarabağ"da çalışdığımı söylədim. "Qarabağ"ın adını eşidən kimi üzü güldü, "bu klubu yaxşı tanıyıram" söylədi. 14-15 il əvvələ qayıtdı.
UEFA Kubokunda "Borussiya" ilə "Qarabağ"a qarşı keçirdiyi oyunları xatırladığını söylədi. Dortmund və Bakıdakı oyunların çox çətin keçdiyini bildirdi.
Dedi ki, mən ondan sonra daim "Qarabağ"ı izləyirəm, nəticələri ilə yaxından maraqlanıram, yaxşı komandanız var.
Klopp söylədi ki, "Qarabağ"ın Avropaya səs salacağını, daim qrup mərhələlərində oynayacağını hələ o vaxt hiss edib.
Klubumuza uğurlar arzuladı, bizdən yeni-yeni böyük qələbələr gözlədiyini bildirdi".
Qeyd edək ki, 2015-2024-cü illərdə "Liverpul"da işləmiş almaniyalı 2008-2015-ci illərdə Dortmund "Borussiya"sının baş məşqçisi olub.
"Qarabağ"la Kloppun komandası 2010/2011-ci illər mövsümündə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşıb.
"Siqnal İduna Park"da 4:0 hesablı qələbə qazanan Almaniya nəhəngi Bakıdan da qalib ayrılıb - 1:0.