"2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür"

“Rəqibin bu turnirdəki ilk iki oyununu təhlil etmişdik. Bu gün taktiki cəhətdən istədiyimiz hər şey birinci hissədə uğurlu alındı".
"Mediasport" xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.
III MDB Oyunlarının finalında məğlub olan yığmanın çalışdırıcısı Rusiya kollektivi ilə həlledici dueldən sonra fikirlərini bölüşüb:
"Fasilədən sonra ardıcıl iki qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi. Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur.
Bu gün də ikinci hissənin ortalarından etibarən komandada eniş yaşandı. Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdir. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür.
Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik. Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.
Xatırladaq ki, komandamız finalda Rusiya millisinə 2:3 hesabı ilə uduzaraq Oyunlarda gümüş medal qazanıb.