5 milyona inkişaf strategiyası yazdıranların "süni xəstəliy"i

5 milyona inkişaf strategiyası yazdıranların "süni xəstəliy"i

2024-cü ilin aprelində Azərbaycan futbolu adına qlobal qərar verilib AFFA-da rəhbər dəyişikliyi ediləndə istər idman mətbuatı, istər futbol idarəetməsindən kənarda qalan veteranlar, istərsə də sıravi azarkeşlərin gözlərində ümid işığı, qığılcım formalaşmışdı.

Rövnəq Abdullayev-Elxan Məmmədov tandeminin illərlə viran qoyduğu sahəyə yeni rəhbərliyin təyinatı, əlbəttə, ucdantutma hər kəsi sevindirirdi. Sonrasının nə olacağını düşünməyə belə, ehtiyac qalmırdı. Tək fikir bu idi - Nəhayət, Azərbaycan futbolu bu "qatil"lərdən canını qurtardı.

Bizdə adətən, gələn gedənə rəhmət oxutdurur. Bütün sahələrimizdə belədir.

Yeni AFFA prezidenti, İcraiyyə Komitəsinin yeni üzvləri və bir neçə ay sonra təyin edilən yeni baş katibin geridə qalan müddətdə qlobal dəyişikliklər naminə verdiyi zırıltı açıqlamalar və həyata keçirmək istədikləri böyük planlar möhtəşəm görünsə də, sadalananların indiyədək yalnız kağız üzərində qalması milyon suala yol açıb. Yeni rəhbərliyin dönəmində artıq 13-cü ay başa çatmaq üzrədir.

Ciddi müddətdir. Ortalıqda, heç olmasa, ümidverici məqamın, detalın olmaması belə desək, bütün xəyalların "suya düşəcəyi"nə işarə edir, sanki.

Qlobal diqqət çəkməyən bir-iki qərarı saymasaq, 13 aylıq fəaliyyətdə köhnədən-təzəyə dəyişənin yalnız adlar olduğunu görürük.

Premyer Liqada klub sayının artırılması, yaxud çempionatda legioner limitinin ləğvi qərarı ona görə qlobal sayıla bilməz ki, əvvəla, sənin infrastrukturun sıfırın altındadır. Hərçənd başlanğıc elə məhz bu istiqamətdə olmalı idi.

Bakıda "Yel əsib, qoz tökülüb" misalı ilə yola çıxsaq, ölkənin futbol ailəsinin, demək olar, paytaxtda məskunlaşması, hətta rayondakıların da buraya qaçması fonunda klub sayı 12 yox, lap 20 olsa, bu, qəti şəkildə inkişaf predmeti adlandırıla bilməz.

Bugünədək 3-4 dəfə toplaşan İcraiyyə Komitəsi üzvləri işə cırıq topdan - sıfırdan başlayıb infrastruktur yenilikləri haqda qərar versəydi, başqa məsələ. Buna iş, irəliləyiş, dəyişikliyə meyillənmə deyə bilərdik.

Hansısa əcnəbiyə 5 milyon pul verib yazdırdıqları "İnkişaf strategiyası"nı elə kağız üzərində saxlamaqları bir yana, bu gün bütün dünyanın imtina etdiyi stadionların ot örtüklərinin süniləşdirmə kampaniyasının əleyhinə çıxan AFFA-nın sintetik meydançalaşdırmaya sözün həqiqi mənasında meydan açması ciddi plansızlıq, işbilməzlik və yarıtmazlıq nümunəsi adlandırılmalıdır. Birmənalı!

Milli komandaların Bakıdakı təlim-məşq bazasının yenidən "süniləşdirilməsi", paralel olaraq, Premyer Liqa yolunda olan "Karvan" və "İmişli" stadionlarında da buna hazırlıq görülməsi bir daha ondan xəbər verir ki, AFFA-nın yeni rəhbərliyi köhnə problemlərin kölgəsində gizlənməyə üstünlük verməkdə qərarlıdır. Yaxud nə edəcəklərini bilmirlər.

İnfrastrukturu sıfırın altında olan ölkənin inkişaf istiqaməti kimi meydançaların süni edilməsi və ya köhnənin bir üst səviyyə sintetikə dəyişdirilməsi varsa, ölkədə futbolun sağlam, ciddi inkişafından danışmaq gülüncdür.

5 milyon dollarlıq inkişaf strategiyası nədir, stadionları ucdantutma süniləşdirmək və ya buna razı olmaq nə? Siz futbolçu yetişdirmək istəyirsiniz, yoxsa olan-qalanı da şikəst etmək?

Kimsə deyirsə ki, Ağsuda, Zaqatalada, Yevlaxda və ya Gəncədə təbii ot örtüklü meydança saxlamaq mümkün deyil, Rəşad Sadıqovun sözü olmasın, bilin ki, həmin adam Azərbaycan futbolunun düşmənidir.

Şəhərdə, kənd-kəsəkdə camaat həyətində təbii qazonu elə saxlayır, qulluq edir, düşünürsən ki, mini "Santyaqo Bernabeu"dur...Elə uzağa getmədən Bakıda bəzi parklara, xiyabanlara baxmaq kifayət edir.

Nə edək, Rövnəq Abdullayevin, Elxan Məmmədovun ölənlərinin goruna rəhmət oxutduraq?

Elvin