Avropa çempionatı: 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, turnirdə bu gün yunan-Roma güləşçilərinin mübarizəsi start götürəcək.
Azərbaycanın 10 təmsilçisindən 5-i xalça üzərinə çıxacaq.
Komandanın kapitanı Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) güclərini yoxlayacaqlar.
Axşam seansında isə qadın güləşçimiz Jalə Əliyeva (57 kq) zədəsini tam bərpa edə bilsə, üçüncü yer uğrunda görüşdə Yenna Hemyae (Finlandiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, AÇ-də daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.