Gənclər Yay Olimpiya Festivalında ölkəmizi 55 idmançı təmsil edəcək

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.
"Mediasport" xəbər verir ki, 40-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanı MOK-un İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.
Görüş zamanı Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesi, təşkilati məsələlər, atletlərin yerləşdirilməsi və yaradılan şərait müzakirə olunub.
Azərbaycan mötəbər yarışda 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə təmsil olunacaq.
Festival iyulun 20-26-da Skopyedə təşkil olunacaq.