Azərbaycan boksçusu Serbiyada Avropa çempionu adını qazandı

Azərbaycan yeniyetmə qız boksçuları da Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, komandamızın üzvləri yarışda 7 medal qazanıblar.
50 kq çəki dərəcəsində mübarizə aparan Əminə Tağı bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibin 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə məğlub edib.
Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal əldə ediblər.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanlı (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.