Millimizin üzvündən komandadan çıxarılması haqda AÇIQLAMA

Millimizin üzvündən komandadan çıxarılması haqda AÇIQLAMA

"Məsələ komanda daxilində olmuşdu və komandanın sirri idi, daxildə də qalmasının tərəfdarı idim. Amma açığı, məsələnin bu qədər böyüməsi və jurnalistlərin marağının olması mənə təəccüblü gəldi. Hər zaman millidə layiqincə xidmət etmişəm və dəvət olunduğum müddətdəcə bunu göstərəcəm".

"Mediasport" xəbər verir ki, bu fikirlər futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynliyə məxsusdur.

Bu gün bmillinin baş məşqçisi Vitali Borisovun qərarı ilə heyətdən uzaqlaşdırılan qolkiper baş verənlərə aydınlıq gətirib.

O, sosial şəbəkə hesabında bu gün yazılanlarla bağlı açıqlama paylaşıb:

"Son 4 mövsümdür legioner həyatı yaşayıram və yaxşı nəticələrim olub. Qazaxıstan çempionatında mövsümün "Top-5" heyətində ən yaxşı qapıçı, turun oyunşusu, bir matçda ən çox "seyv" nominantlarına layiq görülmüşəm, bundan başqa, qapıçı olsam da, dubl və oyunlarda ötürmələr vermişəm.

Hazırkı çempionatda qapıçılar arasında "qol+asist" sistemində lider olsam da, mənimlə, bu nəticələrlə maraqlanan görmədim. Əksinə, Rövşənin intizamsızlığı yazıldı, zəng və sms-lərin sayını isə unutmuşam. Rövşən Alesio (millinin keçmiş baş məşqçisini nəzərdə tutur-red.) ilə gərginlik yaşadı və yenə eyni hal. Səbəb? Bu arada Alesio ilə baş verənlər zamanı sakitliyimi qorudum. Çünki komandanın daxilində problemler olur, amma görürəm bu məsələ yenə gündəmə gətirilib. Adını qoyublar ki, Rövşən millidə kapitanlığa gorə söz-söhbət yaradıb.

Hansı ki, əvvəlcə müəyyən narazılıqlar var idi, sadəcə, bu gün səbir kasası daşdı. Rövşən Vətəninə, bayrağına, himninə, əynindəki formaya hörmətə görə narazılıq etdi. Bunu həmin vaxt mənimlə bərabər soyunub-geyinmə otağında olan hər bir oyunçu deyə bilər.

Aprelin 6-da plan əsasında klubunda bərpa prosesi keçib, ayın 7-də millinin düşərgəsinə qoşulmalı idim. Məşqçi və klub rəhbərliyi ilə danışdım və anlayışla qarşılayıb məni bərpa prosesindən azad etdilər. Legioner həyatı yaşayıram, komandaya daha tez qoşulmaq və ailəmi görmək üçün bu addımı atdım. Aprelin 6-da gecə Astana-Bakı reysi ilə gəldim və komandanın axşam məşqində iştirak etdim. Məşqdən sonra məlum məsələləri deyib sabah məşqə qoşula biləcəyimi soruşdum. "Yox" cavabı aldım. Fikrimi deyib anlayış gözlədim. Hazırlıq üçün tez gəldiyim halda intizamsızlığa görə heyətdən kənardayam".