Berdıyev futbol oynatmır, oynada bilmir - Bunu görmək çətindir?

Berdıyev futbol oynatmır, oynada bilmir - Bunu görmək çətindir?

Tovuzlu azarkeşlər yenə narazıdırlar. Sevimli komandalarının nəticələrindən daha çox oyunundan baş açmayan qərbli futbolsevərlər etirazlarını klubun rəsmi sosial şəbəkə hesablarındakı paylaşımlarda bildirirlər.

Haqlıdırlarmı? Bəli, tam haqlı iradlardır. Tovuzlu azarkeşlər futbolu yaxşı bilirlər. Görürlər ki, "Turan Tovuz" bütün imkanlara rəğmən, futbol oynamır, oynaya bilmir.

Ötən mövsüm saytımızda Kurban Berdıyevin Ehtiram Quliyevin ona yaratdığı ideal şəraitdən istifadə edə bilmədiyi, komandaya düz-əməlli futbol oynada bilmədiyi və.s. bu səpkidə yayımlanan yazıya sərt formada etiraz edib bizi qərəzli mövqe ilə günahlandıran azarkeşlər də artıq həqiqətləri anlamağa başlayıblar.

Ehtiram Quliyev kimi adam bu gün Azərbaycan futboluna lazımdır. Gecə ilə çıraqla axtarırlar, tapılmır.

Lakin böyük ideyaları, uğurlu perspektivə hesablanmış planları olan "Huner Group"un rəhbəri yanlış seçim etdiyini başa düşməlidir. Yaxud səlahiyyət verib güvəndiyi şəxslər Ehtiram bəyə izah etməlidirlər ki, Kurban Berdıyevlə olmaz bu iş. Olmayacaq!

Berdıyevin futbolu 4-5 ildən çoxdur qurtarıb, yerdə qalan külüdür. Hərdən közərməsinə aldanırsız, cənablar.

Azərbaycan futboluna töhfə vermək istiqamətində çox təqdirəlayiq addımlar atan, xüsusilə Tovuz futbolu adına çoxillik planları olan klubun rəhbəri gecikmədən Berdıyevi mütləq yola salmalı, əvəzinə komandaya bu ideyaları həyata keçirməkdə ona dəstək olacaq perspektivli, enerjili, həvəsli, praqmatik futboldan qaçan gənc məşqçi gətirməlidir.

Zaman-zaman "Turan Tovuz"a qarşı hakim səhvləri, bir az da irəli getsək, qərəzli qərarlar olur, görürük. Amma bu, "Turan Tovuz"un meydanda futbol oynamadığı, oynaya bilmədiyi reallığını dəyişə bilməz.

"Turan Tovuz"da Berdıyevə istədiyi şərait yaradılıb. Təkcə bu yay David Tavareş, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç, İbrahima Vaci, Alexandro Serrano, Enrike Silva Milqares və Jorje Silvanın transferini göstərmək yetərlidir ki, ona qapıların taybatay açıldığının şahidi olaq.

Komandadan göndərilən İvan Konovalov, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev kimi futbolçuları da "Turan Tovuz"a hər halda biz gətirməmişdik.

Berdıyev özü gətirdiklərini 6-7 ay sonra yola salırsa, əlavə şərhə gərək var?

Bu, rəhbərliyin ona yaratdığı şəraitdən birbaşa sui-istifadə, büdcənin yanlış istiqamətdə xərclənməsi, dağıdılması, gələcəyin şübhə altına atılması deməkdir.

"Qarabağ" kimi klub-komanda olmaq idealları üzərində düşünən, verdiyi açıqlamalarda buna çalışdıqlarını deyən Ehtiram Quliyev başa düşməlidir ki, sadaladıqlarımız göz önündə olan faktlardır.

Gec olmamış ziyanın yarısından qayıtmaq şərtdir.

Elvin ƏHƏD