"Ciddi hazırlaşmalıyıq, hələ heç nə bitməyib" - VİDEOMÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Premyer Liqanın 2-ci turunun "Sumqayıt"la ev oyunundan (0:1) sonra "Mediasport"un suallarını cavablandırıb.
Elvin, oyun haqqında fikirlərin necədir?
- Bəzi oyunçularımız meydanda deyildi. Bilirdik ki, çox ağır oyun olacaq. Çünki "Sumqayıt"ın "Kəpəz"ə qarşı ilk tur oyununa baxmışdıq və təhlil etmişdik. Doğrudan da çox yaxşı futbol oynayırlar. Yeni futbolçuları da var və buna görə matçın çətin keçəcəyini gözləyirdik. Gözlənilmədən qol buraxdıq və həmin qolun acısını da çəkdik. Çalışdıq ki, oyunun sonuna qədər rəqibi təzyiq altında saxlayaq. Qol vurmaq istədik, amma alınmadı. İndi isə növbəti oyunlara baxmaq lazımdır.
Meydana əsas heyətlə çıxmamışdınız, bu nəticəni proqnozlaşdırmaq olardı?
- Birinci və ya ikinci heyət baxımından əziyyət çəkmirik. Hər iki heyətdə güclü futbolçular var. Sadəcə, bu gün alınmadı. Belə nəticəni proqnozlaşdırmırdıq.
"Ferensvaroş"la oyuna hazırlıq haqda nə deyə bilərsən?
- Yəqin ki, ilk oyunu təhlil edib hazırlaşacağıq. Hələ heç nə bitməyib. Bəziləri elə düşünür ki, orada qələbə qazanmışıq və hər şey bitib. Lakin belə deyil. Məncə, rəqib futbolçuların fikirlərindən, baş məşqçilərinin açıqlamalarından görünür ki, onlar bura qələbə üçün gələcəklər. Biz də əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə yüksələk.
Rəqib komandanın baş məşqçisi Robbi Kin və futbolçular "Qarabağ"ın bu qələbəni mərhələni keçmiş kimi qeyd etdiyini deyir. Bu da sizə əlavə motivasiya olacaq?
- Əlbəttə, onsuz da oyundan sonra komanda olaraq toplandıq, baş məşqçimiz də danışdı və bizə dedi ki, heç kim arxayınlaşmasın. Bakıdakı oyuna ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib.
Onlar sizin qolları çox çılğın formada qeyd etdiyinizi deyirdilər...
- Bunlar normaldır. Çünki hesabda geri düşdükdən sonra qollar vurmağa başlamışdıq. Keçən oyunda qol buraxsaq da, məncə, qola qədər də biz onları üstələyirdik, epizodlar da yaratmışdıq. Qol buraxdıq, amma geri qayıtdıq və mərhələni keçdik. Bu da çox normaldır. Qol vurmuşuqsa, sevinməliyik.
Azarkeşlərə sözünüz var?
- İnşallah, Bakıdakı oyunda hamını gözləyirik, hamını dəvət edirik. Möhtəşəm dəstək istəyirik. Birlikdə bu mərhələni keçəcəyik.