Dövlətin milyonlarını legionerlərə xərcləyən "İmişli" nə etmək istəyir?

Dövlətin milyonlarını legionerlərə xərcləyən "İmişli" nə etmək istəyir?
Dövlətin milyonlarını legionerlərə xərcləyən "İmişli" nə etmək istəyir?
Dövlətin milyonlarını legionerlərə xərcləyən "İmişli" nə etmək istəyir?

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "İmişli" FK-nı aşağı yaş qrupu üzrə komandasının Hacıqabul səfərində meydana müxtəlif formalarda çıxmasına görə cərimə edib...

Futbolun bölgələrə yayılması və inkişafı (guya) adı ilə yaradılmış "İmişli"nin bilavasitə iştirakçısı olduğu rəzil vəziyyət haqlı olaraq idman ictimaiyyətində ciddi suallar doğurur.

Faktiki olaraq, aran təmsilçisinin nə normal infrastrukturu, nə aşağı yaş qrupları üzrə sistemli fəaliyyəti, nə də uzunmüddətli inkişaf strategiyası var. Sözdə klub rəhbərliyinin nağılvari açıqlamaları olsa da.

Premyer Liqada debüt edən komandanın bu fonda 12 legioner futbolçuya qucaq açması heç bir halda perspektiv inkişaf ideyalarının göstəricisi ola bilməz.

Futbol akademiyadan, uşaq komandalarından, yerli istedadların üzə çıxarılmasından, normal infrastrukturdan başlayır. İmişlidə isə nə müasir məşq bazası, nə standartlara cavab verən stadion, nə də sabahın futbolçularını yetişdirəcək mexanizm var.

Bütün bunlar olmadan əsas komandaya saysız-hesabsız əcnəbi axını, sadəcə, görüntü effekti verir.

Belə komandaların inkişaf strategiyasının təməlində dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsaitin uşaq futboluna və infrastrukturun yaxşılaşdırılması dayanmalıdır.

Aşağı yaş qrupları üzrə komandalarına bir dəst forma almayan klubun əsas heyətə ard-arda legioner gətirməsi nonsensdir.

Mələsən, klub rəhbərliyi heç bir infrastrukturu olmayan komandaya fövqəladə üstünlüyü olmayan 10-dan çox legionerin gətirilməsini nə ilə izah edəcək? Məqsəd Premyer Liqada qalmaqdır? Bəs sonra?

"İmişli" kimi komandanın əsas hədəfi bölgədə futbolun sosial missiya daşımasını təmin etmək olmalıdır!

Yerli uşaqların futbola cəlb olunması, istedadların aşkarlanması, rayonda idman infrastrukturunun qurulması prioritet deyilsə, qalanı ən qısa zamanda "buxarlanacaq".

Xüsusilə dövlət vəsaitinin başdansovdu xərclənməsi müzakirə mövzusudursa, klub rəhbərliyi bunun məsuliyyətini anlamalı və dərk etməlidir ki, bəhanələr, pafoslar işə yaramayacaq.

Bir mövsümlük ambisiya naminə milyonların xərclənməsi məsuliyyətsizliyin açıq nümunəsidir.

Sosial yüklü futbol klubu hər hansı özəl restoran, kafe, şirkət deyil ki, istədiyin kimi idarə edəsən.

Ona görə sosial yüklü deyirik ki, dövlətdən 2,5 milyon manatlıq dəstək alır! Bunun hesabatını mütləq vermək lazım gələcək. Lazım gələcək.

Mediasport.com.az