İbrahim Yusubov Xorvatiyada Dünya Seriyasının qalibi oldu

Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.
Qrup lideri kimi yarımfinala yüksələn 80 kq çəki dərəcəsində təmsilçimiz Vüsal Əliyev ukraynalı Vasil Mixaylova uduzsa da, bürünc medal görüşündə amerikalı Rodrik Lava 13 saniyəyə qalib gələrək debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) növbəti dəfə ümidləri doğruldub. Güləşçimiz bütün duellərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.