İdmançılarımız martda 40 qızıl, 35 gümüş, 43 bürünc medal qazanıb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Daha sonra idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.
Nazir Fərid Qayıbov çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 12 ölkədə səsləndirilib.
Bu ay idmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.
Beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
