Məşhurlar Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirdə
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə açıq avarçəkmə təlimi keçirilib.
"Mediasport" xəbər verir ki, tədbirdə peşəkar idmançılarla yanaşı, uşaqlar da iştirak ediblər.
Təlimçilər tərəfindən iştirakçılara avarçəkmənin əsas qaydaları və ilkin bacarıqları öyrədilib, uşaqlar avarçəkmə üzrə praktiki məşğələlərə cəlb olunublar.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daha bir maraqlı tədbir İçərişəhərdə təşkil edilib.
Uşaqlar üçün idman proqramı çərçivəsində taekvondo, cüdo, şahmat, kapoeyra, güləş və gimnastika idman növləri üzrə müvafiq federasiyaların stendləri qurulub.
Uşaqlar müxtəlif idman növləri ilə yaxından tanış olub, həmyaşıdlarını da idman fəaliyyətlərinə qoşulmağa təşviq ediblər.
Azərbaycan Güləş Federasiyası tərəfindən iştirakçılar üçün “face art” (üz boyama) və tanınmış güləşçilərin iştirakı ilə imza mərasimi təşkil olunub.
Bundan əlavə, “Gələcəyin çempionları” təşəbbüsü çərçivəsində uşaqlar öz ad və soyadlarını, eləcə də məşğul olmaq istədikləri idman növünü qeyd ediblər.
Müraciət edənlər arasından seçilmiş uşaqlar müvafiq idman növü üzrə bir aylıq peşəkar məşq proqramında iştirak etmək imkanı qazanıblar.







