Media və Yayım Şurası jurnalistlərlə bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Media və Yayım Şurası bəyanat yayıb.
"Mediasport" xəbər verir ki, bəyanatda son günlər ölkə ərazisində jurnalistlərə qarşı fiziki zorakılıq halları qınanıb.
Qurumun bəyanatını olduğu kimi təqdim edirik:
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur.
Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.
Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır".
Xatırladaq ki, son bir həftədə jurnalistlər 225 nömrəli tam orta məktəbdə və Nizami rayonunda baş vermiş yanğını işıqlandırarkən zorakılığıa, fiziki təzyiqə məruz qalıblar.

