"Azərbaycan azarkeşlərindən və idmansevərlərdən üzr istəyirəm"

"Azərbaycan azarkeşlərindən və idmansevərlərdən üzr istəyirəm"

"Bu nəticəyə görə kimsə məsuliyyət daşımalıdır. Mən məsuliyyəti öz üzərimə götürürəm. Azərbaycan azarkeşlərindən və idmansevərlərdən üzr istəyirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Xetaq Qozyumov deyib.

Mütəxəssis Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yığmanın çıxışını şərh edib.

O, komandanın nəticələrinin gözləntiləri doğrultmadığını bildirib:

“Federasiya rəhbərliyi ilə danışdıq. Komandamızın çıxışından narazılıq ifadə olundu, iradlar bildirildi. Məşqçilər heyəti bu iradlarla razıdır.

Güləşçilərimiz göstərməli olduqları mübarizəni nümayiş etdirə bilmədilər. Bizə bildirilən bütün iradları qəbul edirik və gələcəkdə nöqsanları aradan qaldırmağa çalışacağıq.

Biz daha yüksək nəticələr, xüsusilə qızıl medal gözləyirdik. Lakin bəzi güləşçilərimiz fərdi keyfiyyətlərini nümayiş etdirə bilmədilər.

Həlledici görüşlərdə də özlərini göstərə bilməmələri çox təəssüf doğurur. Onlara böyük ümid bəsləyirdik, ciddi hazırlaşırdıq. Komanda ümumilikdə pis hazırlaşmamışdı, lakin idmançılarımız öz imkanlarını göstərə bilmədilər”.

Qeyd edək ki, DÇ-yə 10 idmançı ilə qatılan sərbəst güləş üzrə millimiz 3 medal qazanıb - Arseniy Cioyev (86 kq) gümüş, Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc mükafatçı olub.

İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq) və Maqomedxan Maqomedov (97 kq) ümidləri doğrultmayıblar.