"Neftçi"nin millidəki kapitanı Messi ilə qarşılaşması haqda nələr dedi?
"Mediasport" "Neftçi"nin futbolçusu, Benin milli komandasının kapitanı Sessi D Almeydanın "Şamaxı" ilə səfər matçından (3:2) sonra "Futbolpress"ə müsahibəsini təqdim edir.
Görüşlə bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. “Şamaxı” da çox yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Üstəlik, bu meydanda mübarizə aparmaq asan deyil. Buna baxmayaraq, əlimizdən gələni etdik. Komanda şəklində yaxşı çıxış etdik. Yekunda da layiq olduğumuz qələbəni qazandıq.
“Neftçi” matça yaxşı başladı, erkən qol vurdu. Lakin rəqib iki dəfə hesabı bərabərləşdirfi. Bunu nə ilə əlaqələndirmək olar?
– Bu meydanda, süni örtükdə oynamaq heç də asan deyil. Öyrəşmək bir qədər vaxt aparır. Bəli, oyuna yaxşı başladıq, hesabı açdıq. Lakin sonradan hər şey istədiyimiz kimi alınmadı. Rəqibin də gücünü nəzərə almaq lazımdır. Onlar da yaxşı mübarizə aparırdılar. Əsas odur ki, qalib gəldik.
Matçdan əvvəl məlum idi ki, “Neftçi” qalib gəlsə, lierliyi ələ alacaq. Bu məqam motivasiyanızı artırırdı?
– Əlbəttə. Bu matçda 3 xal qazanmaq bizim üçün vacib idi. Artıq birinci pillədəyik. Təbii ki, bu, hələ son deyil. Amma istənilən halda birinci yerdə olmaq çox xoşdur.
“Neftçi”nin qış çempionluğu şansını necə dəyərləndirirsiniz?
– Bunun üçün çalışacağıq. Hər birimizin istədiyi məhz budur. Lakin tələsmək lazım deyil. Biz indi yalnız növbəti matçı düşünürük. Qarşıda bizi “Kəpəz”lə oyun gözləyir. Həmin görüşdə də qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.
Bir müddət əvvəl Benin millisinin heyətində Lionel Messinin vida oyununda iştirak etdiniz. Hətta kapitan qismində argentinalı ulduza hədiyyə də təqdim etdiniz. Həmin anda hansı hisslər keçirirdiniz?
– Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi. Tək mənim üçün yox, futbol adına möhtəşəm bir gün idi. Bu tarixin bir parçası olmaq çox xoşdur. Messi həqiqəqətən də dünya futbolunun əfsanəsidir. Çox şadam ki, həmin görüşdə iştirak etmək mənə də qismət oldu. Möhtəşəm hisslər yaşadım.

