"Kolumbus Kryu"nun baş məşqçisi: "Nərimanla bağlı diqqətli olacağıq"

"Kolumbus Kryu"nun baş məşqçisi: "Nərimanla bağlı diqqətli olacağıq"

"Nəriman Axundzadədə bəyəndiyimiz əsas özəllik onun cinah yarımmüdafiəçisi olmasıdır. Bu, "4-lü" yarımmüdafiə xətti ilə meydana çıxdığımız zaman bizə cinahlardan oynamaq üçün daha çox imkan verəcək".

"Mediasport" xəbər verir ki, bu sözləri ABŞ-nin "Kolumbus Kryu" klubunun baş məşqçisi Henrik Ridström deyib.

Ohayo təmsilçisinin çalışdırıcısı "Qarabağ"dan transfer etdikləri Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə barədə danışıb.

İsveçli mütəxəssis 22 yaşlı hücumçunun yeni komandasında nə vaxt debüt edəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"İndi onunla bağlı hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Sadəcə, hazırkı addımlarını kifayət qədər yaxşı adlandırmaq olar.

Məşqlərdəki performansı ilə göstərdi ki, hər hansı geriləmə yoxdur. Ümid edirəm ki, tezliklə kollektiv hazırlığa qoşulacaq.

Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq".

Qeyd edək ki, Nəriman Axundzadə “Kolumbus Kryu” ilə ötən ay 2,5 illik müqavilə bağlayıb.