"Mən onu üç dəfə udmuşamsa, məndən çox biləcək?" - MÜSAHİBƏ

"Mən onu üç dəfə udmuşamsa, məndən çox biləcək?" - MÜSAHİBƏ

"Mediasport" tanınmış yunan-Roma güləşçisi, Əməkdar idman ustası və Əməkdar məşqçi, Avropa və SSRİ çempionu, müxtəlif beynəlxalq yarışların mükafatçısı, fəaliyyəti Ümumilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş İlham Umayevin "İdmanxəbər"ə müsahibəsini təqdim edir.


1980-ci ilin avqustunda karyeranızın ən böyük uğuruna imza ataraq Türkiyənin Bursa şəhərində keçirilən Avropa birinciliyində qızıl medal qazandınız. Elə həmin ildə – 18 yaşınızda SSRİ-nin beynəlxalq dərəcəli idman ustası adına layiq görüldünüz. Həmin illəri necə xatırlayırsınız?

– 1978-ci ildə SSRİ çempionu olmuşam. Bunun ardından məni yığmaya dəvət etdilər. Həmin il Daşkənddə spartakiada keçirilirdi. Orada da çempion olaraq, Azərbaycana ilk qızıl medalı mən gətirmişəm. SSRİ millisi ilə Avropa çempionatına yollanmağım belə başladı. Yığmada yeganə azərbaycanlı mən idim. Türkiyənin Bursa şəhərində keçirilən Avropa birinciliyində çempion oldum.

Finalda italiyalı güləşçini məğlub etdim. Sonradan onunla dostlaşdım. O, 1982-ci ildə Olimpiya çempionu oldu. Heç mən inanmazdım ona. Azərbaycanın tərkibində güləşdiyim üçün həmin il məni Olimpiadaya buraxmadılar. O dönəmlərdə bizə qarşı antipatiya var idi. Dəfələrlə Moskvadan dəvət almışdım. Hətta ev də verirdilər mənə. Ancaq qəbul etmirdim.

Buna rəğmən, 10 il SSRİ millisinin üzvü olmuşam. Bu, az müddət deyildi. Hətta bir dəfə Ermənistanın paytaxtı İrəvanda maraqlı bir hadisə yaşandı: SSRİ çempionatının finalında erməni güləşçi Robert Koçaryanla üz-üzə gəlirdim. Zalda ona böyük dəstək var idi. O da SSRİ çempionu idi, mən də. Onun adı elan olunanda demək olar, bütün ermənilər ayağı qalxıb alqışlayırdı. Güləşin başlamasına az qalmış SSRİ yığmasının ikinci məşqçisi Aleksandr Karpov görüşün hakimlərini dəyişdi. Çünki ermənilər hakimləri pulnan almışdılar. Nəhayət, oyun başladı və mən 10:4 hesabı ilə qalib gəldim. 9-cu dəqiqədə bitdi güləş. Dəhşət yorulmuşdum. Görüş bitən kimi məni tez-bazar oradan çıxardılar, çünki dava düşə bilərdi. Oteldə hələ də udduğuma inanmırdım.

Çox cəlbedici təkliflər aldığını bildirirsiniz. Niyə bunları dəyərləndirmədiniz?

- Çünki ölkəmi çox sevirəm. Başqa respublika bayrağı altında güləşmək istəmədim. Əgər istəsəydim, bəlkə də bir neçə dəfə Avropa və ya dünya çempionu olardım. Ancaq istəmədim. Öz ölkəmiz təmsil etmək yaxşı idi. Daha sonra Allah rəhmət eləsin, Heydər Əliyev mənə ev də, maşın da verdi. Universitetə də qəbul oldum.

Keçən il yunan-Roma güləşində idmançılarımız beynəlxalq turnirlərdə 6 medal qazandı. Bunu necə dəyərləndirirsiniz? Bu, güləşçilərin, yoxsa federasiyanın uğurudur?

- Əlbəttə, federasiyanın uğurudur demək olar. Buna hamımız sevinirik. SSRİ vaxtında isə çox çətin idi. İndi hər şey fərqlidir. Məni də dəvət edirlər, gedib baxıram, izləyirəm. Təbii ki, bunlar federasiyanın uğurudur.

Son Olimpiya oyunlarında bir medal qazanmışdıq. Gözləntilər isə çox idi. Bu nəticə sizcə, qənaətbəxşdir?

- Xeyr, deyil. Biz güləş növlərinin hər birindən medal gözləyirdik. Qızıl, gümüş və bürünc. Amma cəmi bir medal qazanmaq uğurlu çıxış deyil. Zəif nəticədir.

Öz vaxtınızla indini müqayisə etsək, hansı dönəmin güləş daha çətin idi?

- Təbii ki, SSRİ vaxtında güləşmək daha çətin idi. O vaxtı yarışlar 12 dəqiqə çəkirdi. Bunun üçün fiziki güc lazımdır, dözmək asan deyildi. Sonra bunu 9 dəqiqə elədilər. İnid isə oyun 6 dəqiqə çəkir. Keçmişlə indini müqayisə etmək doğru olmaz. Təbii ki, o vaxtı daha çətin idi.

Ancaq siz o həmin çətin vaxtlarda yüksək nəticələr göstərmisiniz. İndi isə daha asan vaxtda belə idmançılar yoxdur. Bunun səbəbi nədir?

- Biz hamımız Bakıxanovda yerləşən 6 nömərli idman məktəbində məşq edirdik. Dünya çempionu Xəzər İsayev, mən və digərləri. Biz hamımız orada qalırdıq. Eyni yerdə qalırdıq, yeməyimizi birlikdə yeyirdik və s. Qısacası, əziyyət çəkmək lazımdır. SSRİ vaxtında güləşmək çətin idi. Rəqabət aparmaq asan deyildi. Bir çəkidə 50-60 güləşçi olurdu. Bəzən bir gündə 4 dəfə güləşirdin. O vaxtı bir çəki 3 günə bitirdi. İdmançı çox idi. İndi isə bir gün çəkir. Çəki salmaq üçün 3 gün ac qalmalı idim. 50 qram artıq olsa, yarışa buraxmırdılar. İndi amma axşam çəkilirsən, sabah güləşə çıxırsan. Çəkiləndən sonra get, nə istəsən ye. Ancaq o vaxtı oyun günü səhər çəkilirdin. SSRİ vaxtı güləşmək çox çətin idi.

Belə çıxır ki, indiki idmançılar öz üzərlərində işləmirlər?

- Məsələ tam belə deyil. Bizim vaxtımızda təcrübəli məşqçilər gəlirdi. Onlar bizə məşq keçirdi. Bilmədiklərimizi öyrədirdilər. İndi bir az başqadır. Məsələn, dünya çempionu Xəzər İsayev var. Onu dəvət edib müəyyən şeylər öyrənmək olar. Həmçinin elə digərlərindən də. Axı bizim yüksək nəticələri olan güləşçilərimiz olub. Baxırsan ki, veterenlar hamısı kənarda qalıb. Onları milliyə dəvət edin, güləşçilərə müəyyən şeyləri öyrətsinlər. Öz veteranlarımız qalıb kənarda, qıraqdan gətirirlər. Onsuz da uşaqlar hazırdılar. Sadəcə, onlara yön vermək, hazırlamaq lazımdır.

Çox yaxşı məqama toxundunuz. Kənardan məşqçilərlə yanaşı, milliləşdirilən idmançılar da var. Buna münasibətiniz necədir?

– O vaxtı Türkiyədən məşqçilər gətirdilər. Sahib Bora. Mənlə eyni çəkidə güləşib. Yaxşı oğlandır, dostluğumuz var. Ancaq mən onu üç dəfə udmuşamsa, məndən çox biləcək? Təəssüf ki, dəvət gəlmədi. Əgər belə bir təklif gəlsəydi, müsbət yanaşardım.

Unudulmağınızı nəyə bağlayırsınız?

- Mən o vaxtlar da dövlət işində çalışırdım. Ancaq bunun fərqi yox idi. İki yerdə də çalışmaq olar. Yada salmadılar. Lakin heç kimdən də incimirəm.

Ölkə başçısı cənab İlham Əliyev bu gün idmana lazım olan qayğını, dəstəyi verir. Bu, veteran idmançı kimi məni də sevindirir. Dövlət təkcə güləşə deyil, digər idman növlərinə də eyni yanaşır. Belə yanaşmanın yanında nəticələrimiz hər zaman yaxşı olmalıdı. Düşünürəm ki, zamanla da belə olacaq.