"Xəzər Lənkəran"ın qayıtması üçün gün doğdu, qapılar açıldı - FOTO
Tarixə qovuşmuş "Xəzər Lənkəran" Futbol Klubuna prezidentlik, sponsorluq etmiş Mübariz Mənsimovun bugünlərdə verdiyi açıqlamalar, deyəsən, reallaşmaq üzrədir.
"Mediasport" xəbər verir ki, illərdir baxımsızlıqdan yararsız vəziyyətə düşərək aşınmaya məruz qalmış Lənkəran şəhər stadionunda yeniləşmə tədbirləri qismən start götürüb.
Arena üçün sözün həqiqi mənasında gün doğub, təmizlik işlərinə başlanılıb.
Məlumata görə, göstəriş birbaşa "Palmali Holdinq"in sahibindən verilib. Türkiyədə yaşayan iş adamının tapşırığı ilə stadiona fəhlə qüvvəsi cəlb olunub.
İdman ifrastrukturunun ərazisi tullantı məhsulllarından, zir-zibildən təmizlənərək ərazidə rənglənmə işləri aparılıb.
Xatırladaq ki, Mübariz Mənsimov bugünlərdə "Xəzər Lənkəran"ı geri qaytarmaq niyyətində olduğunu açıqlayıb, ardınca klubun əfsanələrindən olmuş Zaur Ramazanovla Alim Qurbanovu Türkiyəyə dəvət edərək onlarla bərpa istiqamətində müzakirələr aparıb.
Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmuş cənub təmsilçisi fəaliyyətini 2016-cı ildə dayandırıb.




