"Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir"
"Çox sevinirəm. Uzun müddətdir ki, "Qarabağ"a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Emil Balayev deyib.
Paytaxt təmsilçisinin vitse-kapitanı "Qarabağ" üzərində uzunmüddətli qələbəsizlik seriyasını qırdıqlarına görə şad olduğunu bildirib:
"Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır.
Məşqçilər heyətinə, "Neftçi" ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım".
Xatırladaq ki, "Neftçi" Premyer Liqada 21-ci turdan təxirə salınan matçda ağdamlıları 2:1 hesabı ilə məğlub edib.
Son 5 ildə - ümumilikdə ardıcıl 18 oyunda "atlılar" üzərində qələbəsi olmayan "ağ-qaralar" dünənki qalibiyyətlə turnir cədvəlinin 4-cü pilləsinə yüksəliblər.
