Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

 Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Boks üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından "Mediasport"a verilən məlumata görə, yığma komanda kişilərin mübarizəsində tam heyətlə çıxış edəcək.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Məhəmmədəli Aşırəliyev (60 kiloqram), Malik Həsənov (65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Seyid Seyidov (85 kiloqram), Rauf Rəhimov (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kiloqram) sınayacaq.

Qitə çempionatında hakim qiymətləndiricisi Anar Babanlı isə Azərbaycanın idman şərəfini qoruyacaq.

Sentyabrın 17-dən 25-dək baş tutacaq birinciliyə 40 ölkədən 400-dən çox boksçu qatılacaq.