3 boksçumuz Dünya Kubokunda qalib gəldi, ilk medal rəsmiləşdi

 3 boksçumuz Dünya Kubokunda qalib gəldi, ilk medal rəsmiləşdi

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kuboku yarışı keçirilir.

"Mediasport" xəbər verir ki, reytinq xarakterli yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.

55 kq-da Amin Məmmədzadə Paak Yinq Honu (Honkonq) sınağa çəkib. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:24, 30:25, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samandar Olimovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 17-də olacaq.

Səidcəmşid Cəfərov (75 kq) da Dünya kubokuna qələbə ilə başlayıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirəcək.

Döyüş iyunun 19-da olacaq.

Alfonso Dominges (90 kq) isə 1/4 finalda Kevin Lebovskini (Almaniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28).

Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən Dominges bu mərhələdə İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokuna iyunun 21-də yekun vurulacaq.