"İslandiyadan beş qol buraxacaq qədər zəif milli komanda deyilik"

"Ağır rəqibə qarşı oynayacağımızı bilirdik. Oyuna səhər keçirilən məşqlə hazırlaşmışdıq. Mən demirəm ki, meydana çıxıb İslandiyaya 6, Ukraynaya 5 qol vuracağıq. Biz İslandiyadan 5 qol buraxacaq qədər zəif milli komanda deyilik".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.
O, DÇ-2026-nın seçmə qrup mərhələsinin 2-ci turunun Ukrayna ilə görüşü haqqında (1:1) təəssüratlarını bölüşüb:
"Hər bir tapşırığı doğru icra edəndə nəticədən asılı olmayaraq, bizi izləyən hər bir kəsə sübut edirik ki, futbol oynamağı bacarırıq, döyüşürük. Komandanı təbrik edirəm. İslandiyada qeydə alınan məğlubiyyətdən sonra bu matça hazırlaşmaq çətin idi. Qazandığımız 1 xal bizi sevindirir".
Mahir ilk turun İslandiya ilə matçından fərqli olaraq, Ukrayna ilə oyuna 5-4-1 taktiki sxemi ilə çıxdıqlarını söyləyib:
"İslandiya ilə oyunda sistem tamamilə fərqli idi. İki hücumçu ilə oynayırdıq. Ukrayna ilə matçda alışdığımız 5-4-1 sistemində oynadıq. Komanda bu sistemdə oynamağı bacarır. Vahid bir sistemdə oynayıb onu yaxşılaşdırırıqsa, oyunumuz da istədiyimiz kimi alınır. Komanda şəklində hərəkət etmək lazımdır. Sistem və yanaşma doğru olanda nəticə də özünü göstərir. Bu gün məğlub olsaydıq, hər kəs oyunumuzdan razı qalacaqdı, məncə".