“Qarabağ Mechack 9030”un üzvləri beynəlxalq yarışda fərqləndi
“Qarabağ Mechack 9030” robototexnika komandası dünyanın ən nüfuzlu mühəndislik yarışlarından biri olan "FIRST Robotics Competition" (FRC) çərçivəsində keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edib.
"Mediasport" xəbər verir ki, komanda “Gotham Regional” mərhələsində 39 kollektiv arasında "Top-15"ə düşməyi bacarıb.
Fərdi və komanda nailiyyətləri baxımından da nəticələr diqqətəlayiqdir. Komandanın iki üzvü Fərəh Mehtiyeva, Yusif İldırımzadə "Leadership" (liderlik) nominasiyası üzrə fərqlənərək final mərhələsinə yüksəlib.
Eyni zamanda, 51 komanda arasında "Qarabağ Mechack Team 9030" FIRST ekosisteminin inkişafına 4 il ərzində verdiyi töhfələr, FLL-dən FRC-yə şagirdlərin yetişdirilməsi və güclü komanda ruhuna görə "Team Spirit Award" mükafatına layiq görülüb.
Bununla yanaşı, komandanın mentoru robototexnika sahəsində xüsusi nüfuza malik olan "Woodie Flowers Award" nominasiyası üzrə Təranə Nəbiyeva final mərhələsinə yüksəlib ki, bu da komandanın inkişafında mentorluğun mühüm rol oynadığını bir daha təsdiqləyir.
Qeyd edək ki, "FIRST Robotics Competition" (FRC) qlobal miqyasda ən prestijli robototexnika yarışlarından biri hesab olunur.
Layihənin ideya müəllifi və baş tərəfdaşlarından biri ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyidir (NASA). Hər il yanvar ayının ilk şənbə günü NASA tərəfindən yarışın mövzusu elan olunur və iştirakçı komandalar məhz həmin tapşırığa uyğun robot hazırlayaraq yarışa qatılırlar.
“Qarabağ Mechack 9030” komandası bu il ABŞ-də keçirilən “Gotham Regional” və “New York Regional” turnirlərində iştirak edib.
