"Qarabağ"a Macarıstan səfərində 400-dən çox azarkeş dəstək olacaq

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində "Ferensvaroş"un qonağı olacaq "Qarabağ" arenada dəstəksiz qalmayacaq.
Bu barədə "Mediasport"a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Macarıstanda yaşayan azərbaycanlılar görüşə böyük maraq göstərirlər. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Evinin rəsmiləri dünən komandanın açıq məşqini də izləyiblər.
Macarıstan və yaxın ətrafda yaşayan azərbaycanlılar artıq 400 bilet alıblar. Bu sayın oyun saatına qədər artacağı gözlənilir.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.