"Qarabağ"ın adına görə mənim məsuliyyətim daha da çoxalıb"

"Qarabağ"ın adına görə mənim məsuliyyətim daha da çoxalıb"

"Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik kluba qarşı oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Ağdam klubunun çalışdırıcısı sabah UEFA Çempionlar Lqiasının Liqa mərhələsində səfərdə qarşılaşacaqları "Napoli" ilə matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

O, vacib görüşə çıxacaqlarını bildirib:

"Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar.

Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram.

Biz də pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamımızı qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq.

Reallığa baxsaq, bəlkə də bu gün Azərbaycan klubu belə bir turnirdə oynamalı deyil.

Lakin klubda bizim uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik.

Bu mərhələyə düşmüşüksə, maksimum nəticə olmasa belə, belə böyük klublara qarşı yaxşı mübarizə apararaq oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik.

Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, deməli, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm də özümüzə inam artır.

Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik".

Qurban Qurbanov uzun illər bir klubda çalışmaqla bağlı suala belə cavab verib:

"Mənim üçün uzun illər bu klubda çalışmağım böyük məsuliyyət tələb edir. Digər tərəfdən, çox şadam. "Qarabağ" Azərbaycanın elə bir klubudur ki, bu ad bizimçün çox fərqlidir. Azərbaycan üçün dəyərli bi addır, simadır. Yəqin ki, hər şeydən məlumatınız var.

Bölgə klubu olsaq da, uzun illər Bakıda məskunlaşmışıq, klubu paytaxtda saxlamışıq, yaşatmışıq, böyüyüb. Rəhbərlik məndən öncə də bu klubda olub.

Bu ada görə mənim bir azərbaycanlı kimi məsuliyyətim daha da çoxalıb. İllərdir rəhbərliklə dost, ailə kimi bir yerdəyik, yaxşı kollektiv formalaşdırmışıq. Çox istəyərdim ki, nəticələrimiz daha yaxşı olsun. Bugünkü nəticələrimiz də, əlbəttə ki, bizi sevindirir.

Xatırladaq ki, görüş sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.