Elvin Məmmədov: "Məqsədimiz Premyer Liqaya qayıtmaqdır"

Elvin Məmmədov: "Məqsədimiz Premyer Liqaya qayıtmaqdır"

Növbəti mövsümü futbol üzrə Azərbaycan 1-ci Liqasında keçirəcək "Səbail"in baş məşqçisi Elvin Məmmədov "Mediasport"a müsahibə verib.


Artıq 1-ci Liqanın hazırlıqlarına start vermisiniz. Rəhbərliklə görüşdə danışığınız, qarşınıza qoyulan hədəf nədən ibarət oldu?

- Rəhbərliklə görüşümüz yaxşı keçdi. Onlar hədəflərini açıqladılar, biz də məşqçilər korpusu olaraq istəklərimizi bildirdik. Ortaq bir fikrə gəldik. Məqsədimiz Premyer Liqaya qayıtmaqdır. İnşallah, buna birlikdə nail olarıq.

Komandada maliyyə məsələsi nə yerdədir? Çempionatda yalnız dövlətin ayırdığı pulla oynayacaqsınız, yoxsa əlavə maliyyə mənbəyi də olacaq?

- Bu suala tam olaraq rəhbərlik cavab verə bilər. Bizi maraqlandıran məşqçilər korpusu və futbolçular üçün lazım olan şəraitin yaradılmasıdır. "Səbail" rəhbərliyindən bu dəstəyi aldıq, indi də görürük və ümid edirəm ki, belə davam edəcəyik.

Artıq 3 futbolçu - Yusif Nəbiyevlə yeni müqavilə bağlamısınız, Nicat Süleymanov və Rəhman Hacıyevi transfer etmisiniz. Heyəti genişləndirməkdə davam edəcəksiniz, daha neçə futbolçu gətirməyi planlaşdırırsınız?

- Yeni gələnlər olacaq. Hazırda komandada 17 futbolçu var. Təxminən 4 ya 5 oyunçu da gətirməyi düşünürük.

 Premyer Liqa ilə 1-ci Liqa arasında aşkar səviyyə fərqi var. Sizcə, "Səbail" də "Qəbələ" kimi elə ilk mövsümdəcə geri qayıda biləcək?

- Bəli, çempionatlar arasında fərq var. İstənilən halda bizim hədəfimiz mövsümün sonunda Premyer Liqaya qayıdışımızı qeyd etməkdir. İnanıram ki, məqsədimizə çata biləcəyik. Bunun üçün bacardığımızı bir komanda şəklində ortaya qoyacağıq.

Heyəti demək olar ki, yenidən formalaşdıracaqsınız, sizcə, hədəfə çatmaq çətin olmayacaq?

- Çətinlikləri görürük, hər işdə belə hallar olur. Məşqçilikdə yeni addım atıram. Çətinliyin olduğunu və olacağını bilirəm. Səhvlərimiz də olacaq. Lakin ruhdan düşə bilmərik. Səhvlərimizi düzəldib daha da inamla davam etməliyik.