"Rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada"
"Günorta saat 2, süni örtüklü meydança, günəşli hava... Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır".
"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 13-cü turunun "Kəpəz"lə oyununu (2:0) dəyərləndirib:
"İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq".
O, komandaların tez-tez stadion dəyişməsindən narazılığını dilə gətirib:
"Bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə, belə alınır.
"İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq.
"Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğunuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik.
Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur.
Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada".
Xatırladaq ki, mövsümün əvvəlindən rəqiblərini Qəbələdə qəbul edən "Kəpəz" bu turdan ibarət ev oyunlarını Yevlax şəhər stadionunda keçirir.
