Fərid Qayıbov ADPU-nun Şamaxı filialında gənclərlə görüş keçirdi
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında gənclərlə görüş keçirib.
"Mediasport" xəbər verir ki, görüşdən öncə universitetin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək təhsil ocağına gəldiyi üçün təşəkkür edib, görüşün əhəmiyyətini vurğulayıb və filialın fəaliyyəti barədə məlumat verib.
Ardınca filialın əməkdaşı, 2023–2025-ci illər üzrə TGT sədri Nuranə Mirzəyeva gənclərlə bağlı həyata keçirilən fəaliyyətlərə dair təqdimatla çıxış edib.
Görüşdə çıxış edən Fərid Qayıbov dövlət gənclər siyasəti çərçivəsində icra olunan layihələr, proqramlar və gənclər üçün yaradılan imkanlar haqqında danışıb.
Daha sonra tədbir sual-cavab formatında davam edib. Nazir gənclərin suallarını cavablandırıb, səsləndirilən təkliflərlə bağlı müvafiq tapşırıqlar verib.
