"Sonadək mübarizə aparacağıq"
“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, son saniyələrədək qələbə üçün yaxşı mübarizə getdi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 27-ci turunun "Şamaxı" ilə səfər oyunu haqda danışıb, 0:0 hesablı bərabərliyi şərh edib:
"Qol vurmaq üçün çox güc sərf olundu. Belə hallar olur. Qarşıdakı oyunlara baxmalıyıq.
Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Bugünkü matça qədər bir oyunumuz az idi və 10 xallıq fərq var idi.
Bu fərq az deyil. “Sabah” kimi rəqib çox yaxşı futbol göstərir. Qarşıdakı görüşlərdə daha pozitiv olmalıyıq, futbolçuların idman formasını, oyun düşüncəsini, peşəkarlığını yaxşılaşdırmağa çalışacağıq.
Çempionluq yolunda vacib iki xal itirdiniz, bu, komandaya necə təsir edəcək?
– Artıq kifayət qədər təsirlənmişik. “Sabah” kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.
Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz.
– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan “Sabah” və “Neftçi” ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.
Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilir?
– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.
İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?
– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.
