Ceyhun Sultanov aranı qarışdırdı, bəzi legionerlər etiraza qalxdılar

Ceyhun Sultanov aranı qarışdırdı, bəzi legionerlər etiraza qalxdılar

"Araz-Naxçıvan" dekabrın sonlarında məcburi qaydada Elmar Baxşıyevi istefaya göndərsə də, komanda daxilində gərginlik səngimir.

Klubdan "Mediasport"a verilən məlumata görə, bu dəfə bəzi legionerlər etiraza qalxıblar.

Başda komandanın əsas futbolçusu Felipe Santos olmaqla, əcnəbilərdən bir neçəsi idman direktoru Eldəniz Yusubovla "söz davası"na çıxıb.

Etirazçılar Ceyhun Sultanovun idarəetməyə qeyri-rəsmi gəlişindən sonra səlahiyyətləri əlindən alınmış Yusubovun üzərinə yeriyiblər.

Səbəb bu olub ki, niyə yayda heyətə gətirilən bəzi legionerlə layiq olmadıqları halda onlardan qat-qat yüksək müqavilə bağlanıb.

Sual qarşısında aciz qalan qeyri-rəsmi prezident Zaur Axundovun keçmiş "sağ əli" çıxılmaz vəziyyətdə günahı Ceyhun Sultanova yönləndirib.

O deyib ki, klubda daha bu işlərə cavabdehlik daşımır və Patrik Andrade, İqor Ribeyro kimi futbolçuların çox məvacib almasına sırf Sultanov şərait yaradıb.

Problem yeni baş məşqçi Andrey Demçenkoya qədər gedib çıxıb. Ukraynalı Santosa məsələni tezliklə həll edəcəyinə dair söz verib.

Xatırladaq ki, Ceyhun Sultanov "Araz-Naxçıvan"da heç bir rəsmi post tutmur. Eldəniz Yusubov kimi, sabiq "Neftçi"li də qeyri-rəsmi prezident Zaur Axundovun etibarından sui-istifadə edir.