Yunan-Roma güləşi üzrə millimiz 2-ci dəfə Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə millimiz 2-ci dəfə Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə yığmamız Slovakiyada keçirilən Avropa çempionatında komanda hesabında qalib adını qazanıb.

"Mediasport" xəbər verir ki, qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komandamız 151 xalla Avropanın ən güclüsü olub.

Bununla da yunan-Roma güləşi üzrə millimiz 2-ci dəfə Avropa çempionu adına sahib çıxır.

Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, bu avropa birinciliyində sərbəst güləş üzrə millimiz də komanda hesabında rəqib tanımayıb. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) bürünc mükafata yiyələnib.