Bölgə klubunda ayrılıq rəsmiləşdi: Prezident vəzifəsindən istefa verdi
Futbol üzrə Azərbaycan 2-ci liqasında mübarizə aparan “Quba”nın rəhbər postunda istefa olub.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisinin prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.
Quba klubu bu barədə açıqlama paylaşıb. Məlumatı olduğu kimi təqdim edirik:
“Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev “Quba” PFK-da fəaliyyətini başa vurmuşdur.
Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Komanda Region Liqasından II Liqaya yüksəlmiş, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanmış, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə etmişdir.
Şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil vermişdir. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaqdır.
Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmət və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Hər şey “Quba” Peşəkar Futbol Klubunun daha yaxşı gələcəyi naminədir!”
Xatırladaq ki, maliyyət çətinlikləri yaşadığı deyilən "Quba" çempionatda 17 turdan sonra 36 xalla 3-cü pillədə qərarlaşıb.

