"Azərbaycan mənə doğma ölkədir" - Serbiyanın idman naziri

"Azərbaycan mənə doğma ölkədir" - Serbiyanın idman naziri

Serbiyanın idman naziri Zoran Qayiç vaxtilə baş məşqçi kimi “Rabitə” voleybol klubunda çalışdığından azərbaycanlı azarkeşlərə yaxşı tanışdır.

"Mediasport" xəbər verir ki, 66 yaşlı mütəxəssis Haqqın.az-a müsahibəsində Zlatiborda keçirilən Gimnaziadada Azərbaycana və onun idman nümayəndə heyətinə xüsusi münasibəti vurğulayıb.

Azərbaycan komandası hazırkı Oyunlarda ən geniş heyətə malik komandalardan biridir. Qayiç qeyd edib ki, onun üçün Azərbaycan nümayəndə heyətinin Serbiyaya gəlişi həm də dostlarla, tanışlarla görüş deməkdir:

"Azərbaycanı öz ölkəm kimi qəbul edirəm. Azərbaycandan gələn nümayəndə heyətinə burada xüsusi diqqət yetiriləcək. Mən Azərbaycan və dostum, idman naziri Fərid Qayıbov üçün çox şadam. O və onun komandası, ilk növbədə, mənim dostlarımdır, yalnız bundan sonra həmkarlarımdır".

"Rabitə"ni 2011-ci ildə klubların dünya çempionatının qalibi edən Qayiç həmçinin o vaxt Azərbaycan voleyboluna kütləvi şəkildə əcnəbi oyunçuların və məşqçilərin cəlb olunması barədə də danışıb:

“O illərdə Azərbaycanda çoxlu əcnəbi voleybolçu var idi. Azərbaycan liqası Avropada ən güclülərdən biri idi. Amma o zaman da deyirdim, ilk növbədə voleybolu populyarlaşdırmaq lazımdır. Yerli gəncləri yetişdirmək vacibdir. Bunun üçün isə səbirli olmaq lazım idi".

Azərbaycanın komanda idman növlərində potensialından danışan nazir vurğulayıb ki, düzgün yanaşma olarsa, Azərbaycan gəncləri uğur qazanmaq üçün bütün keyfiyyətlərə malikdirlər:

"Əminəm ki, azərbaycanlı oğlan və qızlar çox istedadlıdırlar. Hər şey prosesin necə təşkil olunmasından, məşqçilərdən asılıdır. Sadəcə, bu işi davam etdirmək lazım idi".

O, müvafiq dəvət alacağı təqdirdə Azərbaycan tərəfi ilə idmanın inkişafı sahəsində yenidən əməkdaşlığa hazır olduğunu bildirib:

"Mən sizin üçün lazım olan hər şeyə açığam, çünki Azərbaycana qarşı xüsusi münasibətim var. Ona görə yox ki, sizin ölkədə nəsə qazanmışam. Əsas - birlikdə işlədiyim insanlardır".