Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri açıqlandı

 Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri açıqlandı

Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib.

Bakı Şəhər Halqasından "Mediasport"a verilən məlumata görə, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9–13-də təşkil olunacaq.

2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər.

Beləliklə, paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.

“SportAccord”, həmçinin cari il ərzində bir sıra təşəbbüslər üzərində fəaliyyətini davam etdirir və yaxın həftələrdə əlavə yeniliklərin açıqlanması nəzərdə tutulur.

Eyni zamanda, təşkilat konvensiyanın gələcək tədbirləri ilə bağlı bir neçə digər şəhərlə müzakirələr aparır və qarşıdakı illər üçün əlavə ev sahibi şəhərlərin elan olunması planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.