Bakıda məşqçi seminarının ikinci qrup üzrə təlimləri keçilir - FOTO
Bakıda Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) "Level-2" məşqçi seminarının ikinci qrup üzrə təlimlərinə start verilib.
"Mediasport" xəbər verir ki, seminarın ikinci qrupunda 26 nəfər iştirak edir.
Birinci qrupda olduğu kimi, bu qrupda da Bakı və bölgələrdən olan mütəxəssislərlə yanaşı Türkiyə, Avstraliya, İran və Ukraynadan olan iştirakçılar da yer alıblar.
FİVB-nin məşqçi-instruktoru professor Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarətdir.
5 gün davam edəcək seminarın sonunda praktiki yoxlamada tələb olunan balı toplayan iştirakçılar nəzəri imtahanda iştirak hüququ qazanacaqlar.
Yekunda yüksək nəticə göstərənlərə FİVB-nin "Level-2" beynəlxalq sertifikatı təqdim olunacaq.
Birinci qrup üzrə kurs 25-29 may tarixlərində keçirilib və 27 iştirakçıdan 26-sına FİVB-nin "Level-2" beynəlxalq sertifikatı verilib.




