"Belə meydançada oynamaq istəmirik" - Qurban Qurbanov

"Belə meydançada oynamaq istəmirik" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyunun tempini, dinamikasını qoruyub saxladılar. Qapımızda qol gördük, bu, rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 30-cu turunun "Səbail"lə görüşünü şərh edib, 4:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.


"Neftçi" ilə çempionat oyununa qədər hazırlıq üçün 8 gün vaxtınız var. Bundan 4 gün sonra isə "Araz-Naxçıvan"la kubok matçı gəlir. Bu uzun və qısa müddətlərdə komandanın hazırlıq balansını qoruya biləcəksiniz?

- Yanvardan bu yana özüm də hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. İndi qarşıda 8 gün vaxtımız olacaq, hazırlıq bizim üçün çox faydalıdır. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün xeyiri dəyəcək. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

Premyer Liqada xeyli xal fərqini və vacib kubok oyununu düşünərək "Neftçi" ilə matçda hansısa rotasiya edə bilərsiniz?

- Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bildik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Bizi qarşıda avrokubok oyunları da gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik.

Kevin Medinanın son oyunlarda meydana çıxmaması sırf rotasiya ilə əlaqəlidir, yoxsa bilmədiyimiz nəsə var?

- Xeyr, elə bir şey yoxdur. Bu aralar Mateus Silvaya şans verdim. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir.

Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiniz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?

- Düzü, sayını bilmirəm. Amma indiyə kimi heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl onlara bildirmişəm. Rövşən müəllimlə (AFFA prezidenti Rövşən Nəcəfi nəzərdə tutur-red.), oradakı həmkarlarımla danışıram. Hər birinə baxsaq, iclaslar demək olar ki, oyun günümüzə düşüb. Bu gün səhər komandanın məşqi də oldu. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.

Oyunçu dəyişikliklərindən sonra qol şanslarınız azaldı. Meydana daxil olan oyunçular hazır deyildilər?

- Əksinə, qol epizodlarına heç də az girmədik. Musanın, Elvinin, Addainin şansları oldu. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar.

Böyük ümidlərlə transfer edilən Emmanuel Addainin performansından razısınız?

- Xeyr, razı deyiləm.

Əvvəllər deyirdiniz ki, "Səbail"in meydançasında oynamaq çox çətindir. Bu gün dinamik oyun oldu. Artıq süni ot örtüyündə oynamağa artıq alışmısınız?

- Xeyr, süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər "Səbail"də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 3-4 matç oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.

Oyunboyu skamyadan çıxmadınız. Sanki küskün şəkildə oturmuşdunuz. Bunun səbəbi nə idi?

- Öz yerimdə idim. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. Hər şey qaydasındadır. Bəzən elə oyunlar olur ki, çox müdaxilə edirsən, bəzən sakit olursan. İşimiz belədir, oyunun gedişatına görə özümüzü idarə edirik.

Növbəti mövsümdən Premyer Liqada klublara 3 yox, 2,5 milyon manat maliyyə vəsaiti ayrılacaq. Sizcə, bunun Premyer Liqanın səviyyəsinə təsiri olacaq?

- Bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Və yaxud hansısa xərcləri qarşılayırlar. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun.