"Komanda olaraq çətin və məsuliyyətli bir dönəmdən keçdik"

"Komanda olaraq çətin və məsuliyyətli bir dönəmdən keçdik"

"Bəzən qısa müddətdə yaşananlar uzun illər yadda qalır…"Qəbələ"də keçirdiyim bu 6 ay mənim üçün həm futbol, həm də şəxsi inkişaf baxımından çox dəyərli oldu.

"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"dən ayrılan Rza Cəfərov sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

Qışda "Neftçi"dən icarə əsasında bölgə təmsilçisinə göndərilən milli üzvü "qırmızı-qaralar"da keçirdiyi müddəti dəyərləndirib:

"Qış transfer dönəmində böyük motivasiya ilə qoşulduğum bu komandada hər gün daha yaxşı olmaq və komandama fayda vermək üçün çalışdım.

Komanda olaraq çətin və məsuliyyətli bir dönəmdən keçdik. Məqsədimiz uğrunda sona qədər mübarizə apardıq və meydanda olduğum hər dəqiqədə əlimdən gələnin ən yaxşısını verməyə çalışdım.

Futbol mənə bir daha göstərdi ki, ən vacib şey xarakter, birlik və sona qədər inanmaqdır"

Cəfərov "Qəbələ" rəhbərliyinə təşəkkür etməyi də unutmayıb:

"Bu müddətdə mənə güvənən rəhbərliyə, məşqçilər heyətinə, birlikdə meydanı paylaşdığım komanda yoldaşlarıma və bizi hər zaman dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

Burada qazandığım dostluqları, təcrübələri və xatirələri hər zaman xoş şəkildə xatırlayacağam".

Xatırladaq ki, "qırmızı-qaralar"ın forması ilə 9 oyuna çıxan Cəfərov məxsus olduğu "Neftçi"yə qayıdıb.