Çempionlar Liqasında "Sabah"ın potensial rəqibləri hansı klublardır?
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Sabah"ın potensial rəqiblərindən bəziləri məlum olub.
"Mediasport" xəbər verir ki, təmsilçimiz mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.
"Bayquşlar"ın reytinq xalı az olduğu üçün klub "səpələnməmişlər" səbətində yer alacaq.
Komandamızın 14 potensial rəqibindən 10-u artıq dəqiqləşib:
"Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Drita" (Kosovo), "Linkoln" (Cəbəllüttariq), "Boraç" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Riqa" (Latviya), "Klaksvik" (Farer adaları) və "Flora"dır (Estoniya).
Digər 4 rəqib isə hələlik qeyri-müəyyəndir. Bu səbətə "Larne" (Şimali İrlandiya), "Petrokub" (Moldova), TNS (Uels), "İnter Eskaldes"in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.
Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər.
Qitənin birinci dərəcəli klub turnirinin ilk mərhələsinin püşkü iyunun 16-da atılacaq.
Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.
"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.
